Ana səhifə
Rəylər, Fikirlər
Tanışlıq
Şerlər
Mahnılar
Video kliplər
Şəkillər
Mətbuat
Qonaq dəftəri
Əlaqə

Şimali Azərbaycanın tanınmış rəssamı Gündüz Əlizadənin əsəri

Özümdən xəbərsiz yaşa doluram

  

Bilirəm geriyə dönməyəcəkdir,
Hələ də özümü aldadıram mən.
Görürəm, danışıb dinməyəcəkdir,
Özüm öz gözümü aldadıram mən.

Vəsfində bəstələr, nəğmələr yazır,
Gör nələr, gör nələr, gör nələr yazır…
Eşidənlər deyir bəxtəvər yazır,
Bilmirlər sözümü aldadıram mən.

Yanan bir od varsa, kömürdən gedir,
Çörəyin mayası xəmirdən gedir,
Saçıma yağan qar ömürdən gedir,
Qışımı, yazımı aldadıram mən.

Kədərli-kədərsiz yaşa doluram,
Bəhərli-bəhərsiz yaşa doluram,
Özümdən xəbərsiz yaşa doluram,
Yaşlanmış üzümü aldadıram mən.

Amansız bir ovçu salıb kəməndə,
Nə bir ruh buraxıb, nə can bədəndə,
Nə taqət qoyubdur, nə qərar məndə,
Səbiri, dözümü aldadıram mən.

Bitər bu qəm-kədər deyirəm bəlkə,
Bir şeylər düzələr deyirəm bəlkə,
Qəfildən yar gələr deyirəm bəlkə,
Öz alın yazımı aldadıram mən.

Uzanır bu yollar getdikcə insan,
Bir gün bir yerlərdə bitəcək güman,
Gedirəm, arxama dönüb baxmadan,
Yollarda izimi aldadıram mən.





22 Fevral 2025 - Richmond Hill, Ontario, Canada





Geri qayıt



Cənubi Azərbaycanın görkəmli xətt ustadı 
Davud Rəvasanının Piruz Dilənçinin şerlərinə
ərəb əlifbasında işlədiyi qiymətli tablolar silsiləsindən iki nümunə.
Cənubi Azərbaycanın görkəmli xətt ustadı 
Davud Rəvasanının Piruz Dilənçinin şerlərinə
ərəb əlifbasında işlədiyi qiymətli tablolar silsiləsindən iki nümunə.
English  ||  Azərbaycan türkcəsində  ||  فارسی
Bu saytda olan bütün şəkillər və yazılardan istifadə etmək tam sərbəstdir