Ana səhifə
Rəylər, Fikirlər
Tanışlıq
Şerlər
Mahnılar
Video kliplər
Şəkillər
Mətbuat
Qonaq dəftəri
Əlaqə

Şimali Azərbaycanın tanınmış rəssamı Gündüz Əlizadənin əsəri

  


Allah pozulub ənənə-adət bizim eldə,
Sanki itirib keçmişi millət bizim eldə.


İnsanın üzü gülməyir artıq, bu nə işdir?
Heç kəs yerini bilməyir artıq bu nə işdir?
Hey söylə, vecə gəlməyir artıq bu nə işdir?
Ağsaqqala yoxdur daha hörmət bizim eldə,
Allah pozulub ənənə-adət bizim eldə.

Hər şeydən uca pul sayılır, pul bu məkanda,
Vardırsa pulun paylamağa, gəl bu məkanda,
Yoxdursa balam, sən yaşama, öl bu məkanda,
Bir qanun olub indi də rüşvət bizim eldə,
Allah pozulub ənənə-adət bizim eldə.

Qeyrət papağın başlarımızdan atırıq biz,
Əziyət çəkirik, hər gecə barda yatırıq biz,
İşsiz deyilik, əcnəbiyə qız satırıq biz,
Ya rəbb, bu nə namus, bu nə qeyrət bizim eldə?
Allah pozulub ənənə-adət bizim eldə.

Hər kəs bizə zülm etdi, cəfa etdi də, dözdük,
Məhv oldu bizim mənliyimiz, itdi də, dözdük,
Öyrəncəli olduq, Qarabağ getdi də dözdük,
Hardandı görən bunca rəzalət bizim eldə?
Allah pozulub ənənə-adət bizim eldə.

Rusdan üzülüb əllərimiz qərbə uzandı,
Qərbin özü başdan-ayağa boşdu, yalandı,
Avropadakı şura da boş zurna çalandı,
Soxmuş özünü indi də ATƏT bizim eldə,
Allah pozulub ənənə-adət bizim eldə.

Bəziləri Türkəm -deyə, Turanlı olubdur,
Cəbr ilə gedib çoxları İranlı olubdur,
İranlı demə, yox baba, viranlı olubdur,
Hakim kəsilibdir neçə dövlət bizim eldə,
Allah pozulub ənənə-adət bizim eldə.

Aclıq bürüyüb ölkəni, imdadə gələn yox,
Məhv olsa da millət, əcəba dadə gələn yox,
Qol-qıç uzadıb ölsə də, fəryadə gələn yox,
Getdikcə də artır bu səfalət bizim eldə,
Allah pozulub ənənə-adət bizim eldə.

İşdən daha cox al-ver edən nazirə bir bax,
Nazir demək olmaz buna, sən cibgirə bir bax,
Hər sahədə meydan oxuyan tacirə bir bax,
Al-verxanadır sanki vəzarət bizim eldə,
Allah pozulub ənənə-adət bizim eldə.

Satqınlıq edib dövlətə çatmaq mod olubdur,
Haqsız tutulub türmədə yatmaq mod olubdur,
Vitrində vətən torpağı satmaq mod olubdur,
Boldur belə mənada ticarət bizim eldə,
Allah pozulub ənənə-adət bizim eldə.

Bizdən olanı təbliq elə, göylərə qaldır,
Şəxsiyyəti yoxdursa da, sən xalqı inandır,
Baxmazsa sözə, şax-şaxa qoş, zurna da çaldır,
Çoxdur belə haqsız yerə töhmət bizim eldə,
Allah pozulub ənənə-adət bizim eldə.

Mən əmr eləsəm, bağdakı güllər solacaqdır,
Güllər nədi, göylərdə bulutlar dolacaqlır,
Hər şey mənə sərf eyləsə, qanun olacaqdır,
Bax gör, belədir indi hökumət bizim eldə,
Allah pozulub ənənə-adət bizim eldə.

Hər kəs ölür, ölsün, itir, itsin, soxasoxdur,
Baş saxlamağa xaricə getsin, soxasoxdur,
Qoy kim bacarır, bildiyin etsin, soxasoxdur,
Atdan bahadır boynu yoluq it bizim eldə,
Allah pozulub ənənə-adət bizim eldə.

Bir dəstə ərazil oturub soymağa hazir,
Ac milləti ağlar günə lap qoymağa hazir,
Vermiş əl-ələ keyf eləyir şah ilə nazir,
Hər kəs oxuyur keçmişə rəhmət bizim eldə,
Allah pozulub ənənə-adət bizim eldə.

Qatma başını böylə böyük işlərə şair,
Sən söylədiyin sözləri kimdir görə şair,
Bəsdir daha bitdi, qələmi qoy yerə şair,
Başdan çıxarıb əqlini qürbət bizim eldə,
Allah pozulub ənənə-adət bizim eldə.


2002 Bakı





Geri qayıt



Cənubi Azərbaycanın görkəmli xətt ustadı 
Davud Rəvasanının Piruz Dilənçinin şerlərinə
ərəb əlifbasında işlədiyi qiymətli tablolar silsiləsindən iki nümunə.
Cənubi Azərbaycanın görkəmli xətt ustadı 
Davud Rəvasanının Piruz Dilənçinin şerlərinə
ərəb əlifbasında işlədiyi qiymətli tablolar silsiləsindən iki nümunə.
English  ||  Azərbaycan türkcəsində  ||  فارسی
Bu saytda olan bütün şəkillər və yazılardan istifadə etmək tam sərbəstdir